Wise Pharma | Pharmaceutical Company
Bakı şəh.,Həsənoğlu küç., 12C +994 51 201 8854 info@wise-pharma.com
Bizim sosial şəbəkələr
SILDEAZIN

SILDEAZIN

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SİLDEAZİN       krem
SILDEAZIN

Beynəlxalq patentləşdirilməmiş adı: Silver sulfadiazine

Tərkibi
Təsiredici maddə:   1 q kremin tərkibində 10 mq gümüş sulfadiazin vardır.
Köməkçi maddələr: polisorbat 80, polisorbat 60, qliserin monostearat, setil spirti, maye parafin,
metilparaben, propilen qlikol, təmizlənmiş su.

Təsviri
Yumşaq konsistensiyalı ağ rəngli iysiz kremdir.

Farmakoterapevtik qrupu
Yerli istifadə üçün kimyəvi-terapevtik vasitələr.
ATC kodu: D06BA51.
 
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Gümüş sulfadiazin bir sıra qrammənfi və qrammüsbət bakteriyalara, həmçinin, göbələklərə qarşı antibakterial aktivliyə malikdir. İnfeksiyalaşmış yaralarda və yanıqlarda Pseudomonas aeruginosaEnterobacter pyogenes-ə qarşı təsiri təyin edilmişdir. Bakterisid xüsusiyyəti yara nahiyəsində sulfadiazin gümüş duzunun parçalanması nəticəsində əmələ gələn gümüş ionları hesabına baş verir. Gümüş ionları bakterisid, sulfadiazin isə bakteriostatik təsir göstərir.
Farmakokinetikası
Yara nahiyəsinə çəkildikdə periferik və sistem qan dövranına 10% sulfadiazin, 1% gümüş sorulur. Geniş nahiyəyə çəkildikdə isə qanda sulfadiazinin konsentrasiyası 10-20 mkq/ml-ə qədər qalxır.

İstifadəsinə göstərişlər
Preparat ikinci və üçüncü dərəcəli yanıq zamanı yara sepsisinin profilaktikası və müalicəsi üçün əlavə olaraq, göstərilən yerli antimikrob vasitədir.

Əks göstərişlər

  • Gümüş sulfadiazinə və ya kremin tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.
  • Hamilə olmağa hazırlaşan qadınlarda və hamiləlik dövründə.
  • 2 aydan aşağı və vaxtından qabaq doğulan körpələrdə.
  • Metenamin və sulfanilamidlərlə birgə istifadəsi zamanı sidik cövhəri kristallarının əmələ gəlmə riski artır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın uzunmüddətli istifadəsi tələb olunursa, tənəffüs problemləri, qaraciyər və böyrək çatışmazlığı zamanı, yanıqların müalicəsində yanıq bədənin geniş sahələrini əhatə edirsə, qlükoza-6-fosfatdehidrogenaza defisiti varsa, preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Gümüş sulfadiazin və digər sulfonamidlər arasında potensial çarpaz həssaslıq mövcuddur.
Müalicə uzun müddət aparıldıqda və ya preparat geniş yanıq səthdə istifadə edildikdə, aqranulositoz, aplastik anemiya, hemolitik anemiya, leykopeniya, trombositopeniya və ya eozinofiliyanın yaranma təhlükəsi ilə əlaqədar qanın tərkibinə nəzarət etmək lazımdır. Həyat üçün təhlükəli dəri reaksiyaları daxil olmaqla, dermatoloji və allergik reaksiyalar, mədə-bağırsaq reaksiyaları, hepatit və hepatosellülyar nekroz, MSS reaksiyaları və toksiki nekroz yarana bilər.
Porfiriyadan əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsindən çəkinmək lazımdır.
Eləcə də, yerli istifadə üçün mikrobəleyhinə təsir göstərən digər preparatlardan istifadə zamanı superinfeksiya əmələ gələ bilər.
Preparatın tərkibində allergik reaksiyalara (o cümlədən, ləng tipli) səbəb ola bilən köməkçi maddə qismində metilparahidroksibenzoat vardır, ayrı-ayrı hallarda bronxospazm yarana bilər. Preparatın tərkibində, eləcə də, setil spirti vardır ki, bu da, yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) və propilenqlikol vardır ki, dərinin qıcıqlanmasına səbəb ola bilər.
Uşaqlar və yeniyetmələr
2 aydan yuxarı uşaqlarda istifadə edilir (“Əks göstərişlər” bölməsinə bax).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat yerli istifadə olunan bir sıra preparatların təsirini zəiflədir. Dərinin geniş sahələrinə çəkildikdə preparat bir sıra preparatların (qanda qlükozanın səviyyəsini azaldan preparatlar və fenitoin) effektivliyinə təsir göstərir.
Metenamin və sulfanilamidlərlə birgə istifadəsi zamanı sidik cövhəri kristallarının əmələ gəlmə riski artır. Həmiçinin gümüş sulfadiazin papainin fermentativ aktivliyini zəiflədə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Preparatın geniş səthdə istifadə zamanı böyrəklər və qaraciyərin funksiyasına, eləcə də, qanın formalı elementlərinin tərkibinə nəzarət etmək lazımdır.
Yanıqlarda istifadəsi
Preparatı yara və yanıq nahiyəsini gigiyenik normalara riayət olunaraq təmizləndikdən sonra 3-5 mm qalınlıqda çəkmək lazımdır. Yanıqlarda ekssudatın həcmi böyükdürsə daha tez-tez istifadə etmək lazımdır.
Əllərin yanıqlarında istifadəsi
Preparatı yanmış ələ çəkərək əli plastik paketə yerləşdirərək biləkdən bağlamaq lazımdır. Paketin içinə çoxlu miqdarda ekssudat toplanarsa sarğını dəyişmək lazımdır.

Əlavə təsirləri
İstənilən dərman vasitəsi kimi gümüş sulfadiazin də xəstələrdə müxtəlif əlavə təsirlərə səbəb ola bilər. Aşağıda qeyd olunan hallarda preparatın istifadəsini dayandırın və həkimə müraciət edin:

  • Hiperhəssaslıq reaksiyaları
  • Dərinin nekrozu
  • Dərinin və gözətrafı nahiyənin qızarması və ödemi
  • Dərinin rənginin dəyişməsi
  • İştahanın itməsi, susuzluq hissi, qusma

Qeyd olunmuş bu hallar ciddi əlavə təsirlər olub təxirəsalınmaz tibbi yardım tələb edir.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (≥1/10000 - <1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Çox tez-tez (≥1/10):

  • Qaşınma (dəridə qaşınma), ekzema
  • Kremin çəkildiyi nahiyədə səpgi

Tez-tez (≥1/100 - <1/10):

  • Hiperhəssaslıq reaksiyaları
  • Yanğı hissi
  • Multiformalı eritema
  • Dərinin nekrozu
  • İştahanın itməsi, susuzluq hissi və qusma kimi əlamətlərlə müşayiət olunan böyrəklərin iltihabı

Bəzən (≥1/1000 - <1/100):

  • Böyrək çatışmazlığı

Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).

  • Aqranulositoz
  • Aplastik anemiya
  • Qlükoza-6-fosfatdehirogenaza defisiti ilə bağlı anemiya
  • Hemolitik anemiya
  • Gümüşlə zəhərlənmə
  • Trombositopeniya
  • Leykopeniya
  • Su-elektrolit balansının pozulması
  • Qızdırmanın qalxması
  • Gümüşun ağızın selikli qişasına toplanması
  • Psevdomembranoz enterokolit
  • Toksiki meqakolon
  • Qaraciyər hüceyrələrinin zədələnməsi
  • Hepatit
  • Dərinin tündləşməsi və ya rəngsizləşməsi
  • Dərinin qızarması
  • Göbələk infeksiyaları
  • Stivens-Conson sindromu
  • Toksiki epidermal nekroliz
  • Sidikdə həll olunmayan çöküntünün əmələ gəlməsi
  • Nefrotoksiklik

Yuxarıda qeyd olunan və olunmayan əlavə təsirlər zamanı həkimə müraciət edin.

Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeydə alınmayıb.

Buraxılış forması
40 q krem, aluminium tubda. 1 tub, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.

Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorumaq məqsədilə orijinal qablamada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
DEVA Holding A.Ş.

Ünvan
Çerkezköy Organize Sanayi Bölgesi
Karaağaç Mah. Atatürk Cad., No: 32
Kapaklı - TEKIRDAG/TURKEY

Qeydiyyat vəsiqəsinin sahibi
“WISE PHARMA” LP.
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandi̇ya.

Məhsulun və əmtəə nişanının sahibi
“WISE PHARMA” LP.
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandi̇ya.